Xırdalanda bina partlayıb, dağıntı altında qalanlar var | FOTOLAR, YENİLƏNİB (10:56)

Xırdalanda bina partlayıb, dağıntı altında qalanlar var | FOTOLAR, YENİLƏNİB (10:56)
  08 Sentyabr 2014    Oxunub:6715
Azərbaycanda binada partlayış olub. Hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb. Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib.
Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalanlardan biri xilas edilib. Hazırda digər şəxslərin də xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

***

AzNews.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış 4 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Hadisə nəticəsində 3-cü mərtəbə uçub və nəticədə aşağıda olan iki mərtəbə uçqun altında qalıb. Həmin mərtəbələrdə isə 4 ailə - 10 nəfər yaşayır.

Hazırda ata-ana və 2 azyaşlı uşaq xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb.

Lakin 1-ci mərtəbədəki mənzilin sakinlər ata-ana və 2 uşaq hələ də dağıntılar altında qalıb. Onlar barədə məlumat yoxdur. Xilasedicilər dağıntılar altında qalan insanları oradan çıxartmağa çalışırlar.









***

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan şəxslərdən ikisinin adı məlum olub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onlar 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu və onun oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğludur.

Hər iki şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan ata və oğulun vəziyyəti barədə məlumat açıqlanıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov APA-ya açıqlamasında deyib ki, oğul 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.

Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.


Teqlər:  





Xəbər lenti